İsrail Müdafiə Qüvvələri – Israel Defense Forces (SAXAL) Cənubi Livan sərhədində livanlı hərbçilərə xəbərdarlıq atəşi açıldığını təsdiqləyib.
Bu barədə The Times of Israel məlumat yayıb.
Məlumata görə, Livan ordusu İsrail qüvvələrinə yaxın ərazidə “razılaşdırılmamış hərbi müşahidə postu” qurmağa başlayıb. İsrail tərəfi əvvəlcə mövcud kommunikasiya kanalları vasitəsilə Livan Silahlı Qüvvələri ilə əlaqə saxlayaraq tikintinin dayandırılmasını tələb edib. Cavab alınmadıqdan sonra isə xəbərdarlıq məqsədilə atəş açılıb.
“Bu fəaliyyətin qarşısını almaq üçün xəbərdarlıq atəşi həyata keçirildi”, – deyə açıqlamada bildirilir.
Bundan əvvəl Livan ordusu bəyan etmişdi ki, Cənubi Livanda, Mərciyunun bölgəsində müşahidə postu qurularkən İsrail hərbçiləri tərəfindən atəşə tutulublar. Onların sözlərinə görə, insident zamanı aşağı hündürlükdə uçan İsrail pilotsuz uçuş aparatı da ərazi üzərində olub və hərbçilərə geri çəkilmə çağırışları edib.

