ABŞ-a məxsus kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) İran hava məkanında yoxa çıxıb. Defence Network (DN) portalının məlumatına görə, dronun radioelektron mübarizə sistemləri vasitəsilə “yerə endirilmiş” ola biləcəyi ehtimal edilir.
Bildirilib ki, müasir PUA 21 və ya 22 fevralda İranın cənubunda, Fars körfəzi üzərində radarlardan itib. O, yoxa çıxmazdan əvvəl fövqəladə siqnal göndərib. Dron Əbu-Dabidən (BƏƏ) havaya qalxmış və təxminən 10 kilometr yüksəklikdə planlı kəşfiyyat uçuşu həyata keçirirmiş.
Ekspertlər hesab edirlər ki, aparatın siqnalının pozulması və ardınca yoxa çıxması radioelektron mübarizə vasitələrinin tətbiqi ilə bağlı ola bilər. Nəşr diqqətə çatdırır ki, ABŞ dronunun itməsi Vaşinqton–Tehran gərginliyinin pik həddə çatdığı bir dövrdə baş verib.

