Abşeron-Xızı Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinin 1ç sinif şagirdi Çobanov Ayxan Rabil oğlu növbəti uğuru ilə diqqət mərkəzinə düşüb. Balaca yaşına baxmayaraq böyük əzmkarlıq nümayiş etdirən Ayxan həm məktəbinin, həm də ailəsinin adını ucaldıb.
Azərbaycan Karate Federasiyası rəhbərliyi və Modern İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən karate üzrə klublararası yarışda Ayxan Çobanov öz həmyaşıdları arasında gərgin və maraqlı mübarizə apararaq fəxri 3-cü yerə layiq görülüb. Göstərdiyi yüksək nəticəyə görə o, diplom və medalla təltif edilib.
Qeyd edək ki, Ayxanın idman müəllimi karate üzrə Avropa çempionu Firdovsi Fərzəliyevdir. Peşəkar məşqçinin rəhbərliyi altında müntəzəm məşqlər keçən balaca idmançı qısa müddətdə böyük inkişaf yolu qət edib və yarışlarda öz potensialını uğurla nümayiş etdirib.
Ayxanın istedadı yalnız idmanla məhdudlaşmır. O, eyni zamanda zehni çevikliyi ilə də seçilir, müxtəlif məntiq olimpiadalarında iştirak edərək yüksək nəticələr əldə edir. Həm tatami üzərində qazandığı nailiyyətlər, həm də elm sahəsində göstərdiyi uğurlar onu nümunəvi şagird kimi səciyyələndirir.
Denmedia.az kollektivi olaraq Ayxan Çobanovu qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində daha böyük zirvələr fəth etməyi və Azərbaycanın bayrağını beynəlxalq arenalarda dalğalandırmağı arzulayırıq.




