Uber tətbiq vasitəsilə hava taksisi sifariş imkanını elan edib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Layihənin həyata keçirilməsi üçün Uber Joby Aviation hava taksi şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Şirkət ilin sonuna qədər Dubayda hava taksi daşımalarına başlamağı planlaşdırır.
Hava taksisi 4 sərnişinədək qəbul edəcək və onu peşəkar kommersiya pilotları idarə edəcək. Dubayda 4 eniş meydançasının yaradılması nəzərdə tutulur. Bu məntəqələr Dubay Beynəlxalq Hava Limanı, bir ticarət mərkəzi, Palm-Cümeyra adasındakı hotel və Dubay Amerika Universiteti ərazisində yerləşəcək.
Gələcək planlara əsasən, Uber və Joby hava taksilərini Nyu-York, Los-Anceles, Böyük Britaniya və Yaponiyada da istifadəyə verməyi hədəfləyir.
ABŞ şəhərlərində layihənin reallaşması üçün şirkətlər Federal Mülki Aviasiya İdarəsindən (FAA) sertifikat almalı və müvafiq sınaq mərhələsindən keçməlidirlər.

