Kubanın sərhəd xidməti əməkdaşları ABŞ-dan gələn mülki katerin ölkənin ərazi sularına qanunsuz daxil olması zamanı cavab atəşi açıb. Bu barədə EFE agentliyi məlumat yayıb.
Hadisə Vilya-Klara əyaləti sahilləri yaxınlığında baş verib. Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, ABŞ bayrağı altında hərəkət edən katerin heyəti dayanmaq tələbinə əməl etməyib və sərhədçilərə atəş açıb. Bundan sonra sərhəd xidməti cavab atəşi ilə qarşılıq verib.
Nəticədə ABŞ katerində olan 4 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bundan əlavə, 1 kubalı sərhədçi də xəsarət alıb. Bütün yaralılar Kubaya aparılıb və onlara tibbi yardım göstərilib.
EFE qeyd edir ki, insident son aylarda Kuba–ABŞ münasibətlərində artan gərginlik fonunda baş verib.

