Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbə qızı aqressiv kiberşantajın hədəfinə çevrilib.
Məlumata görə, naməlum şəxslər qızların sosial şəbəkələrdəki fotolarını götürərək onları süni intellekt vasitəsilə qeyri-etik formada montaj edir, daha sonra isə həmin görüntüləri silmək üçün pul tələb edirlər.
Hadisə sosial mediada yayılandan sonra ictimai rezonans doğurub. İlkin məlumatlarda zərərçəkənlərin hüquq fakültəsinin tələbələri olduğu bildirilsə də, araşdırma zamanı problemin universitetin digər fakültələrini də əhatə etdiyi üzə çıxıb.
Jurnalistika fakültəsinin tələbəsi Zeynəb Həsənova müsahibəsində özü də bu sxemin qurbanı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, dələduzlar tanışlarından birinin adından saxta Instagram hesabı yaradaraq ondan pul tələb ediblər.
“Profil şəklimi götürüb neyroşəbəkə ilə qeyri-etik formada dəyişdilər və başqa platformalarda yaydılar. Məndən pul tələb etdilər. Hətta hesabın sındırıldığını və ya kopyalandığını anlayana qədər müəyyən məbləğ göndərmişdim,” – deyə Zeynəb Həsənova bildirib.
Baş verənlər tələbələr arasında ciddi narahatlıq yaradıb. Qızlar bildirirlər ki, belə hallar reputasiyaya ağır zərbə vurur və hətta ictimai təzyiq səbəbilə faciəvi nəticələrə gətirib çıxara bilər.
BDU-nun Xəzər TV-nin sorğusuna cavabında bildirilib ki, məsələ ilə bağlı artıq hüquqi müstəvidə addımlar atılır. Daxili İşlər Nazirliyi (DİN) isə polis əməkdaşlarının genişmiqyaslı araşdırmaya başladığını təsdiqləyib.
Mütəxəssislər vətəndaşları şəxsi fotoları açıq platformalarda paylaşarkən ehtiyatlı olmağa və şantaj halları ilə qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırlar.

