Fransa Prezidenti Emmanuel Makron 2029-cu ildə Avropa Komissiyasının rəhbəri postunda Ursula fon der Lyayeni əvəz edə bilər. Bu fikri NEWS.ruya açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi rəhbəri, politoloq Andrey Kortunov bildirib.
Kortunovun sözlərinə görə, hələlik fon der Lyayeni kimin əvəz edə biləcəyi barədə danışmaq tezdir, lakin mümkün namizədlər arasında ən çox Emmanuel Makronun adı çəkilir.
“Gələn il onun prezidentlik müddəti başa çatır, üçüncü dəfə namizədliyini irəli sürmək hüququ yoxdur. Buna görə də o, Avropa strukturlarında karyera barədə düşünə bilər”, — politoloq qeyd edib.
Ekspert əlavə edib ki, Makron yeganə mümkün namizəd deyil və gələcəkdə başqa siyasi fiqurlar da gündəmə gələ bilər. Bununla belə, onun fikrincə, Avropa Komissiyasının gələcək rəhbərini çətin və demək olar ki, həlli müşkül görünən problemlər gözləyir.
Kortunov bildirib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas nəzəri olaraq bu posta iddia edə bilər, lakin onun şansları yüksək qiymətləndirilmir.
“Praktika göstərir ki, Avropa Komissiyasının sədri adətən böyük Avropa ölkələrindən birinin nümayəndəsi və ciddi siyasi çəkisi olan şəxs olur. Kaya Kallas bu keyfiyyətlərə malik deyil. Buna görə də onun şansları, görünür, azdır”, — Kortunov deyib.
Politoloq əlavə edib ki, Kallasın xarici siyasət sahəsində fəaliyyəti də böyük uğur kimi qiymətləndirilmir. Onun sözlərinə görə, qarşıya qoyulan məqsədlərin əksəriyyəti reallaşmayıb.

