Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Antonio Koştanın 24 fevralda Kiyevə planlaşdırılan səfəri ləğv oluna bilər. Bu barədə Politico məlumat yayıb.
Nəşrin yazdığına görə, Aİ Rusiya əleyhinə 20-ci sanksiya paketini və 90 milyard avroluq maliyyə kreditini təsdiqləyə bilmədiyi üçün yüksək səviyyəli rəsmilər Ukraynaya “hədiyyəsiz” gedə bilərlər.
Avropa diplomatları bildiriblər ki, 23 fevralda keçiriləcək xarici işlər nazirlərinin iclasında yeni sanksiyaların qəbul olunması ehtimalı zəifdir. Brüsseldə hesab edirlər ki, məhdudiyyətlər sonda təsdiqlənə bilər, lakin bu, Kiyev səfərinə qədər baş verməyəcək. Bu mövqeni Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da bölüşür.
Xatırladaq ki, Kallas yanvarın sonunda yeni sanksiya paketinin hazırlanacağını açıqlamışdı. Lakin Reuters agentliyinin məlumatına görə, üzv ölkələr Moskva ilə bağlı növbəti məhdudiyyətlər üzrə razılığa gələ bilməyiblər.

