İlin ən maraqlı siyasi hadisələrindən olan BMT-nin 80-ci sessiyası çərçivəsində bir çox dünya liderləri arasında ikitərəfli görüşlər keçirildi. Sessiyada həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin aktiv fəaliyyəti, Ermənistanla münaqişənin sona çatmasının vurğulanması maraqla izlənilir. Artıq bir çox liderlər Azərbaycan Prezidentini bu münasibətlə təbrik edib və rəsmi Bakının sülhün əldə olunmasında mühüm rolunu vurğulayıblar.
Ermənistanın Baş naziri Nikol Paşinyanın bu sammitə qatılmaması isə xüsusi diqqət çəkir. Paşinyan proseslərə paralel olaraq sentyabrın 25-də Rusiyaya səfər etdi. Onun səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Paşinyan BMT-yə niyə getmədi? Moskvada Putinlə hansı mövzuları müzakirə edəcək?
DenMedia.az xəbər verir ki, bu barədə danışan politoloq Zaur İbrahimli deyib ki, Bakı və İrəvan arasında əldə olunan sülh razılaşması hazırda dünyada gərginliyin və münaqişələrin artdığı bir dövrdə müsbət nümunə kimi qiymətləndirilir:
“Eyni zamanda bu, BMT-nin öz missiyasını yerinə yetirə bilmədiyini də göstərir. Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə uzun illər icra olunmadı. Nəticədə Azərbaycan öz torpaqlarını hərbi və diplomatik gücü ilə işğaldan azad etdi.
BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Lakin onların uzunmüddətli diplomatik səyləri nəticə vermədi. Azərbaycanın təşəbbüsü ilə formalaşdırılan ikitərəfli danışıqlar formatı isə uğurlu nəticələr verdi. Bu da onu göstərir ki, Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmalar əslində BMT sisteminin fəaliyyətsizliyinin bariz göstəricisidir.
Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülhün bərqərar olunması və bölgənin tarixi transformasiyası istiqamətində atılan addımlar nümunəvi xarakter daşıyır”.
Politoloq bildirib ki, Ermənistan üçün bu mərhələdə ən aktual məsələ Rusiya ilə münasibətlərin tənzimlənməsidir:
“2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan üçün Rusiyanın loyal münasibətini təmin etmək strateji əhəmiyyət kəsb edir. Xüsusilə regionda son dövrlərdə baş verən proseslər fonunda Moskvanın narahatlığının artması Paşinyan üçün ciddi çağırış yaradır. O, bu çağırışa cavab olaraq Rusiya ilə danışıqları prioritet istiqamətə çevirib.
Zaur İbrahimli
Gözlənilir ki, Paşinyan danışıqlarda Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu – xüsusilə 102-ci hərbi bazanı – əsas müzakirə predmeti kimi irəli sürəcək. Qeyd edək ki, bir müddət əvvəl həmin bazanın qarşısında Ermənistan müxalifət partiyalarının etiraz aksiyaları təşkil olunmuşdu. Bu, Paşinyanın Moskvaya ilk xəbərdarlığı kimi qiymətləndirilə bilər. Kreml isə bu məsələ ilə bağlı müəyyən zəmanətlər verməklə İrəvandan gələn təzyiqləri yumşaltmağa çalışacaq”.
Z.İbrahimlinin sözlərinə görə, Paşinyan Rusiya ilə əlaqəli digər həssas məsələləri də gündəmə gətirə bilər:
“Onun hakimiyyəti Kremlə yaxın bəzi iş adamlarını və kilsə nümayəndələrini həbs etdirib. Bu şəxslərlə bağlı gözlənilən məhkəmə qərarlarının da mümkün sövdələşmənin tərkib hissəsinə çevrilməsi ehtimalı var.
Eyni zamanda, Paşinyan Zəngəzur dəhlizini də Rusiya ilə danışıqların gündəminə daxil etməyə çalışacaq. Ermənistanın İranla apardığı əvvəlki danışıqlar bu istiqamətdə təcrübə qazandığını göstərir. İrəvanın Zəngəzur dəhlizi ilə bağlı Moskvanın maraqlarını tanımağa hazır olduğunu bildirməsi ehtimal edilir. O, ABŞ-ın bu layihədə yalnız kommersiya maraqları ilə iştirak etdiyini və hərbi mövcudluqdan söhbət getmədiyini vurğulamağa çalışacaq. Ehtimal ki, Paşinyan həmçinin Rusiyanın maraqlarının da nəzərə alınacağı mesajını verəcək.
Bütün bunlara baxmayaraq, Paşinyanın əlindəki arqumentlər və diplomatik kartlar zəif deyil. Əgər Rusiya təzyiqlərini artırarsa, o da qarşı addımlar atmağa hazırdır. Bu kontekstdə Ermənistan liderinin Moskvaya səfəri, hətta BMT sessiyasına qatılmasından daha vacib və strateji xarakter daşıyır”. Globalinfo.az