“16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) yüksək rütbəli nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu səfər Bakı–NATO münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini yenidən gündəmə gətirib.
Səfər zamanı tərəfdaşlıq proqramları, hərbi təlim və təhsil sahəsində əməkdaşlıq, eləcə də Azərbaycanın NATO missiyalarında iştirakı xüsusi vurğulanıb. Rəsmi açıqlamalarda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr və Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əldə olunan nailiyyətlər ön plana çıxarılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfi.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, hazırda Azərbaycanın NATO ilə münasibətlərini üzvlükdən kənar, lakin dərinləşdirilmiş tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq olaraq xarakterizə etmək olar:
“Məlumdur ki, Azərbaycan 1994-cü ildən etibarən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirak edir və bu çərçivədə bir sıra əməliyyat və institusional mexanizmlərə qoşulub. Xüsusilə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası üzrə bəyan edilmiş hərbi bölmələrin mövcudluğu Bakının Alyansla praktik hərbi uyğunlaşmaya verdiyi önəmi nümayiş etdirir. Bu əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, NATO standartlarına uyğunlaşmasına və beynəlxalq əməliyyatlarda müxtəlif ölkə ordularının birgə, uyğun şəkildə işləyə bilmə qabiliyyətinin artırılmasına xidmət edir.
Bununla yanaşı, Azərbaycan NATO ilə münasibətlərdə balanslaşdırılmış və selektiv yanaşma sərgiləyir. Ölkəmiz Alyansla əməkdaşlığı öz milli təhlükəsizlik maraqları çərçivəsində qurur və bu prosesi bloklara qoşulmamaqla həyata keçirir. Azərbaycan üçün əsas prioritet müstəqil qərarvermə imkanlarının qorunması və regional geosiyasi balansın saxlanılmasıdır. Bu kontekstdə NATO ilə əməkdaşlıq daha çox texniki, təlim və institusional səviyyədə məhdudlaşdırılır”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, Azərbaycanın NATO strategiyasında Türkiyə faktoru da mühüm rol oynayır:
“NATO üzvü olan Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycana Alyans standartlarına uyğunlaşmaq və təcrübə qazanmaq imkanı yaradır. Bu amil Azərbaycanın NATO ilə inteqrasiyasını dolayı, lakin effektiv formada təmin edir və eyni zamanda regional həssaslıqları nəzərə almağa şərait yaradır.
Ölkəmizin NATO-ya üzvlüyü isə hazırkı mərhələdə real görünmür. Nə rəsmi Bakı tərəfindən belə bir siyasi hədəf irəli sürülüb, nə də mövcud regional şərait buna imkan verir. Rusiya və İran faktorları, eləcə də Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik mühiti Azərbaycanın bloklara qoşulmama siyasətini daha məqsədəuyğun edir. Üstəlik, postmünaqişə dövründə ölkəmizin hərbi-siyasi mövqelərinin güclənməsi NATO üzvlüyünü təhlükəsizlik baxımından zəruri edən əsas amilləri arxa plana keçirib.
Ümumilikdə qeyd etmək olar ki, Azərbaycan –NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qalmaqla, qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq modelini əks etdirir. Bu model ölkəmizə həm təhlükəsizlik potensialını artırmaq, həm də geosiyasi risklərdən yayınmaq imkanı verir”.

