Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroya dəstək məqsədilə keçirilən mitinq zamanı ciddi insident baş verib. G1 portalının məlumatına görə, Braziliya paytaxtında güclü ildırım və yağışlı hava müşahidə olunub və ildırım zərbələrindən biri birbaşa mitinq iştirakçılarının toplaşdığı əraziyə düşüb. Hadisə anı videoya düşüb və görüntülər RIA Novostinin Telegram kanalında paylaşılıb.
Məlumata görə, mitinq zamanı ən azı 72 nəfər xəsarət alıb, onların əksəriyyətində ağır yanıq xəsarətləri qeydə alınıb.
“Yanıq diaqnozu ilə 29 nəfər tibbi müəssisələrə yerləşdirilib. Yanıqlar əsasən əllər və qarın nahiyəsindədir”, — deyə G1 yazır.
Xəsarət alanlardan səkkiz nəfərin vəziyyəti kritikdir. Digər şəxslər tibbi yardım göstərilməsi üçün xəstəxanalara göndərilib.
Itatiaia Politica nəşri isə bildirir ki, bəzi iştirakçılar güclü yağış altında qaldıqları üçün hipotermiya keçirib və soyuqdəymə əlamətləri ilə həkimlərə müraciət ediblər.
Qeyd edək ki, insidentdən əvvəl həbsdə olan keçmiş prezident Jair Bolsonaro siyasi fəaliyyətini ailə üzvləri vasitəsilə fəallaşdırmaq niyyətində olduğunu bəyan etmişdi. Daha əvvəl Braziliya Ali Məhkəməsi Bolsonarunu 2022-ci il seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişi cəhdinə görə məsuliyyətli hesab edib. O, hazırda 27 il müddətinə azadlıqdan məhrum edilib.
Bolsonaronun siyasi karyerası qalmaqallı açıqlamalar, epatajlı davranışlar, eləcə də ABŞ-ın keçmiş prezidenti Donald Trampa açıq dəstəyi ilə yadda qalıb. Bu fonda Braziliya cəmiyyətində fikirlər kəskin şəkildə bölünüb.

