"Hər bir it özünəməxsus bacarığa malikdir, əsas olan hansı cinsin sizin həyat tərzinizə daha uyğun olduğunu tapmaqdır..."
İt sahibləri ev heyvanlarını seçərkən müxtəlif meyarlara əsaslanır. Bəziləri ən kiçik və ya ən sakit itləri, digərləri isə əksinə, ən böyük və ya nadir cinsləri axtarır. Ancaq bəzi insanlar üçün itlərinin ağıllı olması əsas prioritetdir.
Den.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.
Nəşr yazır ki, itlər planetin ən ağıllı heyvanlarından biridir. Hər cinsin özünəməxsus bacarıqları olsa da, bəzi cinslər ağılları və öyrənmə qabiliyyətləri ilə xüsusi olaraq seçilir.
Kanadalı psixoloq və kinoloq Stenli Koren itlərin intellektini ölçmək üçün xüsusi metodologiya hazırlayıb. O, 200-dən çox it cinsini araşdıraraq, onların "işçi intellektini" ölçmək üçün testlər tərtib edib və nəticədə ən ağıllı cinslərin siyahısını hazırlayıb.
Korene görə, heyvanların intellekti genetik meyillilik, ətraf mühitə uyğunlaşma qabiliyyəti və öyrənmə bacarığı kimi amillərlə qiymətləndirilməlidir. Bu siyahının tərtibində isə əsas meyar itlərin öyrənmə sürəti və əmrləri icra etmə səviyyəsi olub.
Korenin siyahısında yer alan ən ağıllı cinslər yeni əmrləri cəmi 5 təkrarla öyrənir və 95 faiz hallarda ilk cəhddən düzgün yerinə yetirir. Müqayisə üçün, siyahının 70-80-ci pillələrində olan cinslər əmrləri öyrənmək üçün 100-dən çox təkrara ehtiyac duyur və yalnız 25 faiz hallarda ilk cəhddən əmri icra edir.
Dünyanın ən ağıllı 10 it cinsi
1. Border-kolli
Bu cins siyahının birinci pilləsində yer alır. Border-kollilər enerjili, ayıq, mehriban və çox öyrənə bilən itlərdir. Onlar əşyaların adlarını yadda saxlaya, hətta riyazi məsələlər həll edə bilər. Ancaq çox diqqət tələb etdiklərinə görə kiçik uşaqlı ailələr üçün tövsiyə edilmir.
2. Pudel
Pudellər yalnız qıvrım tükləri ilə deyil, həm də yüksək intellektləri və sahiblərinə olan sədaqətləri ilə tanınır. Bu itlər çox tez öyrənir, hətta sahibinin mimikalarından nə istədiyini anlayır və buna uyğun davranır. Onların bu bacarığı onları sirk səhnəsində ən populyar cinslərdən birinə çevirib.
3. Alman çoban iti
Alman çoban iti ağıllı, sədaqətli və itaətkar bir cinsdir. Əvvəlcə çoban iti kimi yetişdirilsə də, indi polis, ordu və xilasetmə xidmətlərində geniş istifadə edilir. Sədaqətli dost axtaran insanlar üçün ideal seçimdir.
4. Qızıl retriver
Bu cins suda ov üçün yetişdirilib, lakin zamanla ailələr üçün ideal yoldaş, bələdçi, terapiya iti və xilasetmə iti kimi məşhurlaşıb. Qızıl retriverlər çox sosialdır və uzun müddət tək qalmağı sevmir.
5. Doberman
Dobermanlar insanları qorumaq və mühafizə üçün xüsusi yetişdirilmiş cinslərdəndir. Onlar cəsarətli, çevik və yüksək intellektə sahibdir. Düzgün tərbiyə aldıqda aqressiv deyillər, ancaq sahibinin təhlükədə olduğunu hiss etdikdə dərhal reaksiya verirlər.
6. Şelti (Şotland çoban iti)
Bu cins tez-tez kolli itləri ilə qarışdırılır, lakin şeltilər fərqli bir cinsdir. Onlar çox çevik, diqqətli və emosiyalarını müxtəlif səslərlə ifadə edə bilən itlərdir. Sahiblərinə sədaqətli olsalar da, müstəqilliklərini qorumaq istəyirlər.
7. Labrador-retriver
Dünyada ən məşhur it cinslərindən biridir. Labradorlar şən, mehriban və sosial itlərdir. Onlar bələdçi, terapiya və xilasetmə itləri kimi geniş istifadə olunur.
8. Kontinental toy spaniyel (Papillon)
Papillonlar balaca, qulaqları böyük və yüngül xasiyyətli itlərdir. Yaxşı yaddaşa sahibdirlər və sahiblərinin əhvalına uyğunlaşa bilirlər. Lakin onlar qısqanc ola bilərlər, bu da xüsusi təlim tələb edir. Tək yaşayan insanlar və yaşlı cütlüklər üçün ideal seçimdir.
9. Rotveylər
Rotveylərlər cəsarətli, məsuliyyətli və sədaqətli itlərdir. Düzgün tərbiyə və müntəzəm məşq tələb edirlər. Bu itlər polis və ordu xidmətində, həmçinin xilasetmə əməliyyatlarında geniş istifadə olunur.
10. Avstraliya çoban iti
Bu çox enerjili bir cinsdir və əsasən mal-qara otarmaq üçün yetişdirilib. Çox çalışqan, sahibinə sadiq və öyrənməyə həvəsli bir itdir. Çevikliyi və mehribanlığı ilə seçilir.
Bu siyahıda yer almasa da, hər bir it özünəməxsus bacarıqlara malikdir. Əsas olan hansı cinsin sizin həyat tərzinizə daha uyğun olduğunu tapmaqdır.
Dünyanın ən yüksək intellektə sahib 10 cins iti...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.