Türkiyənin Antalya vilayətində XIII əsrə aid tarixi qalaya ekskursiyaya gedən üç rusiyalı turist çıxılmaz vəziyyətdə qalıb.
Bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Sofiya, Andrey və Aleksandr adlı turistlər axşam saatlarında Alanya qalasının divarlarını gəzməyə gediblər. Lakin geri qayıdarkən yollarını azıblar.
Hava qaraldıqdan sonra turistlər sıldırım qayalıq ərazidə köməksiz vəziyyətdə qalıblar. Öz qüvvələri ilə təhlükəli ərazidən çıxa bilməyən şəxslər xilasetmə xidmətinə zəng ediblər.

Hadisə yerinə yanğınsöndürənlər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunublar.
Təxminən bir saat davam edən əməliyyat nəticəsində hər üç turist təhlükəsiz əraziyə təxliyə edilib.
Məlumata görə, turistlər xilas edilənədək tarixi qalada bir neçə saat köməksiz vəziyyətdə qalıblar. Onların səhhətinin qənaətbəxş olduğu bildirilir.

