“Apple” şirkətinin ilk qatlana bilən smartfonu “iPhone Duo” satışa çıxarıldıqdan cəmi bir neçə gün sonra ekran problemləri ilə gündəmə gəlib.
“Bloomberg” agentliyinin məlumatına görə, bəzi istifadəçilər telefonun daxili ekranında istifadənin ilk saatlarında və ya günlərində çatların yarandığından şikayət ediblər.
İstifadəçilərin sözlərinə görə, telefonu açarkən xırçıltı səsi eşidilir, ardınca ekranın qatlanan orta hissəsində çat əmələ gəlir. Bəzi cihazlarda isə ekranın sağ tərəfində ağ ləkələr və digər görüntü problemləri yaranıb.
“Bloomberg” zədələnmiş telefonların fotolarını və istifadəçilərin texniki dəstək xidməti ilə yazışmalarını araşdıraraq problemin mövcudluğunu təsdiqləyib.
“Apple” şirkəti də nasazlığı etiraf edib.
“Az sayda ‘iPhone Duo’ cihazının daxili ekranına təsir edən problemdən xəbərdarıq”, – deyə şirkətin açıqlamasında bildirilib.
Şirkət nasazlıqla qarşılaşan istifadəçilərə “AppleCare” xidmətinə müraciət edərək telefonlarını dəyişdirməyi tövsiyə edib.
“Apple”ın məlumatına görə, problem cihazların yalnız kiçik bir hissəsində müşahidə olunur və adətən istifadənin ilk günlərində üzə çıxır.
“iFixit” mütəxəssisləri nasazlığın ekran panelindən deyil, qatlanma mexanizmindəki hissələrdən birinin düzgün işləməməsindən qaynaqlana biləcəyini ehtimal edirlər.
Şirkət problemin səbəbini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir. Bəzi istifadəçilərin telefonları artıq dəyişdirilib, digərləri isə yoxlama və ya yeni cihaz gözləyirlər.

