Endokrinoloq Mariya Konovalova aif.ru-ya açıqlamasında bildirib ki, nəfəs praktikalı stressi azaldır və orqanizmi hüceyrə mutasiyalarından, eləcə də yeni törəmələrdən əlavə şəkildə qoruyur. Onun sözlərinə görə, bu cür məşqlər yumurtalıq kistası və endometrium polipinin yaranma riskini də azalda bilər.
Həkim qeyd edib:
“Biz texnogen, ekoloji, informasiya və emosional yüklənmələrin inanılmaz dərəcədə çox olduğu bir dövrdə yaşayırıq. Bu isə orqanizmin vaxtından əvvəl qocalmasını və şişlərə qarşı müdafiə mexanizmlərinin zəifləməsini sürətləndirir. Odur ki, artıq öz bədənimizə necə qulluq etdiyimizə görə məsuliyyət daşımağın vaxtıdır.”
Konavalovanın sözlərinə görə, nəfəs idmanları limfanın axınını aktivləşdirir, qandakı durğunluğu aradan qaldırır. Bununla yanaşı, hüceyrələrin qorunması üçün qidalandırıcı maddələrlə zəngin rasion, müntəzəm fiziki aktivlik və mental sağlamlıq da vacibdir. Xüsusilə, qorxular, narahatlıq və özünü dəyərsizləşdirmə hisslərindən azad olmaq lazımdır.

