Vitamin əlavələrinin həddindən artıq qəbulu sinir sisteminə ciddi zərər verə bilər. Bu barədə britaniyalı nevroloq Baybinq Çen (Doktor Bin) xəbərdarlıq edib, məlumatı Daily Express yayıb.
Mütəxəssis qeyd edir ki, vitamin və minerallar orqanizm üçün vacib olsa da, onların nəzarətsiz qəbulu təhlükəli nəticələrə səbəb ola bilər.

“Təbii əlavələrin tam təhlükəsiz olduğu fikri yanlış və risklidir.”
Onun sözlərinə görə, xüsusilə yağda həll olunan A, D, E və K vitaminləri orqanizmdə yığıla bilir və zamanla toksik təsir yaradır. Eyni zamanda, suda həll olunan B və C vitaminləri də müəyyən hallarda normadan artıq qəbul edildikdə sağlamlığa zərər verə bilər.

Nevroloq xüsusilə B6 vitamini (piridoksin) üzərində dayanıb. Bu vitamin maddələr mübadiləsində mühüm rol oynasa da, artıq dozalarda qəbulu sensor neyronlara zərər verərək geri dönməz sinir zədələnməsinə səbəb ola bilər.

