İsti havada orqanizmin gecə həddindən artıq isinməsi yuxunun keyfiyyətinə ciddi təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, yatmazdan əvvəl corabları qısa müddətlik dondurucuya qoymaq daha rahat yuxuya getməyə kömək edə bilər.
Bu barədə Express məlumat yayıb.
Britaniya Yuxu Cəmiyyətinin prezidenti, yuxu üzrə mütəxəssis doktor Ellie Haire qeyd edib ki, gecə yüksək temperatur dərin yuxu mərhələsini azaldır.
Məhz bu mərhələ orqanizmin bərpasına cavabdehdir.
Bu səbəbdən insanlar kifayət qədər yatdıqları halda belə səhər yorğun oyana bilirlər.
Həkimdən maraqlı üsul
Mütəxəssis yatmazdan əvvəl ayaqları soyutmağı tövsiyə edib.
Onun sözlərinə görə, ayaqlar bədən temperaturunun tənzimlənməsində mühüm rol oynayır və onların soyudulması insanın daha tez yuxuya getməsinə kömək edir.
Bunun üçün həkim bir cüt azca nəm corabı təxminən 10 dəqiqə dondurucuda saxlamağı, daha sonra isə yatarkən geyinməyi məsləhət görüb.

Soyuq duş hər zaman yaxşı seçim deyil
Ellie Haire bildirib ki, isti havada çoxlarının düşündüyünün əksinə olaraq soyuq duş ən yaxşı variant olmaya bilər.
Onun sözlərinə görə, yatmazdan təxminən bir saat əvvəl qəbul edilən ilıq duş bədənin daha effektiv soyumasına kömək edir.
Bu zaman dəridəki qan damarları genişlənir və orqanizm istiliyi daha sürətlə xaric edir.
Yuxudan əvvəl bunlardan uzaq durun
Mütəxəssis həmçinin yatmazdan əvvəl:
- ağır yeməklərdən,
- alkoqoldan,
- intensiv idmandan
uzaq durmağı tövsiyə edib.
Çünki bunlar bədən temperaturunu artıraraq yuxuya getməyi çətinləşdirə bilər.
Ellie Haire əlavə edib ki, çox şəkərli və yağlı qidalar, eləcə də lif baxımından zəif qidalanma yuxunu daha səthi və keyfiyyətsiz edə bilər.
Bunun əksinə olaraq, tərəvəz, meyvə, balıq, zeytun yağı və paxlalılarla zəngin Aralıq dənizi pəhrizi daha keyfiyyətli və uzun yuxu ilə əlaqələndirilir.

