İnsan orqanizmi hətta yuxu zamanı da enerji sərf edir. Psixiatr və yuxu mütəxəssisi Aleks Dimitriu gecə ərzində nə qədər kalori yandırıldığını və bu göstəriciyə nələrin təsir etdiyini izah edib.
Men’s Health nəşrinə danışan həkimin sözlərinə görə, insan yuxu zamanı orta hesabla saatda təxminən 40–55 kalori yandırır. Lakin bu göstərici bədən çəkisi, fiziki aktivlik səviyyəsi və bazal metabolizmdən asılı olaraq insandan insana dəyişir.
Dimitriu bildirib ki, əzələ kütləsi daha çox olan insanların enerji sərfiyyatı da yüksək olur. Buna görə onlar gün ərzində olduğu kimi, yuxu zamanı da daha çox enerji sərf edə bilərlər.

Bununla belə, mütəxəssis yuxu zamanı kalori yandırılmasını arıqlamaq üsulu kimi qəbul etməməyi tövsiyə edib. Onun sözlərinə görə, çəkiyə müntəzəm fiziki aktivlik, qidalanma və kifayət qədər keyfiyyətli yuxu daha böyük təsir göstərir.
Həkim həmçinin yuxusuzluğun iştahanı tənzimləyən hormonların fəaliyyətinə və maddələr mübadiləsinə təsir göstərə biləcəyini, eyni zamanda yüksək kalorili qidalara meyli artıra biləcəyini bildirib.

