2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionda yalnız hərbi balansı deyil, siyasi davranış qaydalarını da dəyişdi. Azərbaycan bu müharibə ilə status-kvonu dağıdaraq, uzun illər kağız üzərində qalan beynəlxalq hüquq normalarını faktiki reallığa çevirdi. Bu gün regionda müşahidə olunan diplomatik dinamika məhz həmin qələbənin nəticəsidir. Artıq Bakı yalnız münaqişənin tərəfi deyil, yeni geosiyasi nizamın müəllifi kimi çıxış edir.
Bu kontekstdə İlham Əliyevin Avropa Siyasi Birliyi-nin 8-ci Zirvə toplantısındakı çıxışı siyasi baxımdan dərin və çoxşaxəli mesajlarla zəngin oldu. Prezidentin nitqi bir tərəfdən regionda əldə olunmuş nəticələrin təqdimatı idisə, digər tərəfdən beynəlxalq aktorlara ünvanlanmış açıq mesaj idi: yeni reallıqlar var və bu reallıqlar nəzərə alınmalıdır. Çıxışın tonu kompromisə açıq olsa da, mövqenin sərtliyi və prinsipiallığı açıq şəkildə hiss olunurdu.
Ən diqqətçəkən məqamlardan biri Ermənistanın 2028-ci ildə keçiriləcək Zirvə görüşünün Azərbaycanda təşkili təşəbbüsünü dəstəkləməsi oldu. Bu fakt diplomatik müstəvidə ciddi dönüş nöqtəsi hesab oluna bilər. Çünki bu, yalnız texniki dəstək deyil, həm də regionda formalaşmış yeni güc balansının qəbul edilməsi deməkdir. Bir neçə il əvvəl münaqişə şəraitində olan tərəflərin bu gün eyni platformada qarşılıqlı təşəbbüsləri dəstəkləməsi sülh prosesinin geri dönməz xarakter aldığını göstərir.
Prezidentin çıxışında diqqət çəkən digər xətt sülhün iqtisadi əsaslarının qurulması ilə bağlı idi. Azərbaycanın Ermənistan üçün tranzit imkanlarını açması, 28 min ton yükün daşınmasına şərait yaratması və enerji məhsullarının ixracına başlaması regionda əməkdaşlıq modelinin formalaşdığını göstərir. Bu, klassik diplomatiyadan fərqli olaraq “praktik sülh” yanaşmasıdır. Yəni siyasi bəyanatlar real iqtisadi addımlarla müşayiət olunur və nəticədə tərəflər arasında qarşılıqlı asılılıq yaranır.
Bununla yanaşı, Prezident İlham Əliyev beynəlxalq institutların fəaliyyətinə də prinsipial qiymət verdi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası-nın mövqeyi tənqid olundu. Dövlət başçısı faktlarla göstərdi ki, bu qurumlar regiondakı reallıqları nəzərə almaq əvəzinə, siyasi qərəz nümayiş etdirirlər. Bu yanaşma Azərbaycanın beynəlxalq platformalarda daha açıq və sərt ritorikaya keçdiyini göstərir.
Çıxışda hüquqi arqumentlərin xüsusi yer tutması da diqqətəlayiqdir. BMT Təhlükəsizlik Şurası qətnamələrinin uzun illər icra olunmaması və nəticədə Azərbaycanın bu boşluğu özü doldurması vurğulandı. Bu məqam Azərbaycanın legitimliyini gücləndirməklə yanaşı, beynəlxalq sistemdə mövcud olan selektiv yanaşmalara da işarə edir. Prezidentin bu xətti çıxışı əslində beynəlxalq hüququn tətbiqində ikili standartlara qarşı açıq çağırışdır.
Regional kommunikasiya layihələri də çıxışın strateji istiqamətlərindən biri idi. Naxçıvanla əlaqələrin bərpası və Orta Dəhlizin inkişafı kimi təşəbbüslər yalnız iqtisadi deyil, həm də siyasi inteqrasiyanı gücləndirən amillərdir. Bu layihələr regionu qapalı münaqişə zonasından açıq əməkdaşlıq məkanına çevirmək potensialına malikdir və Azərbaycan bu prosesin mərkəzində dayanır.
Yekun olaraq, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın postmüharibə mərhələsində tutduğu mövqenin aydın ifadəsi kimi qiymətləndirilə bilər. Bu mövqe iki əsas xətt üzərində qurulub: birincisi, əldə edilmiş hərbi-siyasi nəticələrin qorunması və möhkəmləndirilməsi; ikincisi isə bu nəticələr üzərində dayanıqlı sülhün qurulması. Prezidentin çıxışı göstərdi ki, Azərbaycan artıq reaksiya verən deyil, gündəm müəyyən edən dövlətdir və bu rolunu qətiyyətlə davam etdirir.
Nizami Rəsulov
Sumqayıt Bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri

