Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı çıxışında bir sıra mühüm məqamlara diqqət çəkib.
Denmedia.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Prezidentin xalqa müraciəti son beş ildə formalaşan yeni siyasi və tarixi reallıqların ümumiləşdirilmiş ifadəsidir:
“Bu müraciət təkcə ötən ilin yekunlarına baxış deyil, eyni zamanda, Azərbaycanın müasir tarixində qazanılmış ən böyük nailiyyətlərin – dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının ideoloji-siyasi müstəvidən qiymətləndirilməsidir. 2025-ci ildə Azərbaycan xalqı Vətən müharibəsində qazanılan Şanlı Zəfərin beşinci ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd etdi. Bu Zəfər artıq yalnız hərbi qələbə kimi deyil, milli iradənin, dövlətçilik əzminin və siyasi liderliyin təntənəsi kimi tarixə düşüb. Ölkə başçısının müraciətində bu məqam xüsusi vurğulanır və açıq şəkildə göstərilir ki, Azərbaycan xalqı öz taleyini özü müəyyən etmək gücündə olan xalqdır. Beş il ərzində postmüharibə dövrünün uğurla idarə edilməsi, azad edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin davamlı və dönməz xarakter daşıdığını sübut edir. Otuz ilə yaxın davam etmiş işğala son qoyulması Azərbaycan tarixində yalnız hərbi-siyasi hadisə deyil, həm də beynəlxalq hüququn real tətbiqinin nadir nümunəsidir. Uzun illər ərzində kağız üzərində qalan beynəlxalq qətnamələr Azərbaycanın qətiyyətli siyasəti və güclü Ordusu sayəsində faktiki icra olundu. Prezidentin müraciətində bu həqiqət açıq mesaj kimi səslənir: Azərbaycan öz haqqını heç kimin köməyi olmadan, öz gücü və iradəsi hesabına bərpa etdi. Bu, həm region, həm də beynəlxalq münasibətlər sistemi üçün yeni və mühüm presedent yaratdı”.
Elçin Mirzəbəyli
Deputat qeyd edib ki, bu gün dünyanın Azərbaycanın Zəfərini qəbul etməsi artıq mübahisə mövzusu deyil:
“Müharibədən sonrakı dövrdə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin və qlobal siyasi institutların mövqeyi birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əsaslanır. Qarabağ məsələsi artıq “münaqişə” anlayışı çərçivəsində deyil, Azərbaycanın daxili işi kimi qəbul olunur. Prezidentin müraciətində bu reallıq xüsusi vurğulanmaqla, Zəfərin yalnız döyüş meydanında deyil, siyasi və diplomatik müstəvidə də tam təmin olunduğu mesajı verilir. Bu kontekstdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq başa çatması və tarixin arxivinə göndərilməsi tam məntiqi nəticə kimi təqdim olunur. Onilliklər ərzində real nəticə ortaya qoymayan, status-kvonun qorunmasına xidmət edən bu mexanizm Azərbaycanın qələbəsi ilə mənasını itirdi. Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinib və bu məsələyə dair istənilən köhnə yanaşma siyasi baxımdan aktual deyil. Prezidentin müraciəti bu baxımdan həm tarixi dəyərləndirmə, həm də gələcəyə yönəlmiş strateji baxışdır.
Beləliklə, cənab İlham Əliyevin müraciəti müasir Azərbaycanın gücünü, özünəinamını və tarixi ədaləti bərpa edən dövlət kimi mövqeyini bir daha təsdiqləyir. Bu müraciət göstərir ki, Azərbaycan artıq keçmiş münaqişələrin kölgəsində yaşayan ölkə deyil, qalib dövlət olaraq regional və qlobal proseslərdə söz sahibi olan güc mərkəzidir”.

