Abşeron rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı qadın xəsarət alıb.
Denmedia.az xəbər verir ki, hadisə rayonu Xırdalan şəhərində, Çinar MTK yaşayış kompleksinin həyətində baş verib.
Məlumata görə, 61 yaşlı Mələk Muğalova yaşadığı binanın həyətində sahibsiz itlərin hücumuna məruz qalıb. İtlərin qadına qəfil hücum etməsi nəticəsində o, müxtəlif bədən xəsarətləri alıb və dərhal yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Sakinlərin sözlərinə görə, Xırdalan şəhərində son vaxtlar sahibsiz itlərin sayında ciddi artım müşahidə olunur və bu vəziyyət xüsusilə səhər və axşam saatlarında piyadalar üçün təhlükə yaradır. Onlar aidiyyəti qurumları ərazidə təcili tədbirlər görməyə çağırırlar.
TƏBİB-dən bildirilib ki, zərərçəkən 05.05.2026-cı il tarixində saat 07:10 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə baldır nahiyəsinin açıq yarası diaqnozu təyin edilib və ona zəruri tibbi xidmətlər göstərilib. Həkim müdaxiləsindən sonra vəziyyəti stabil qiymətləndirilən qadın ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

