“Vladimir Putin Ukraynadakı müharibədə güzəştə getmək niyyətində deyil və bu, müharibəyə son qoyacaq, yaxud Moskvanın Qərblə münasibətlərini bərpa edəcək sülh sazişinə ümidləri puç edir”.
Den.az xəbər verir ki, “The Washington Post”-da dərc edilən məqalədə belə deyilir.
Nəşr qeyd edir ki, Putinin güzəştə getməkdən imtina etməsi beynəlxalq nüfuz, enerji ixracı bazarları və qlobal müttəfiqlər baxımından Rusiyaya çox baha başa gələcək strateji səhvdir: “Rusiya üzrə tanınmış ekspert Maykl Kimmagenin qeyd etdiyi kimi, Putinin Ukraynanın NATO-dan kənarda qalmasını və ələ keçirdiyi ərazilərin tanınmasını tələb etməsi onun müharibəni davam etdirməsinin Rusiyanın rasional təhlükəsizlik maraqlarına əsaslanmadığını, əksinə, “emosional əsaslara söykəndiyini” sübut edir. Onun fikrincə, Putinin qismən NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsi ilə bağlı narahatlıqları olsa da, belə təəssürüt yaranır ki, o, əsasən Belarus kimi sözəbaxan olmadığı üçün Ukraynadan qisas alır. “Bu, çox irrasionaldır, hətta fanatiklikdir. Lakin məncə, məhz bu, Putinin bu müharibəni bitirə bilməməsinin əsas səbəblərindən biridir", - Kimmagen deyib”.
Yazıda Azərbaycanın da adı çəkilir və Rusiyanın bir çox tərəfdaşları ilə münasibətləri korladığı qeyd edilir: “Bu arada Rusiyanın mühüm qonşuları, o cümlədən Qazaxıstan, Ermənistan və Azərbaycanla münasibətləri pisləşib. Müharibədən əvvəl Putin Yaxın Şərqdəki bütün oyunçularla danışıqlar aparmaq bacarığı ilə fəxr edirdi, lakin o vaxtdan etibarən nüfuzunu və müttəfiqlərini itirdi.
Müharibə həm də Rusiya iqtisadiyyatını Çindən çox asılı vəziyyətə salıb. 2021-ci ildə, müharibədən əvvəl Rusiya neftinin 49%-ni və qazının 74%-ni Avropaya ixrac edirdi, lakin müharibədən sonra idxalı kəskin şəkildə azaldı və Rusiya hazırda enerjisinin böyük hissəsini endirimli qiymətlərlə Çin və Hindistana satır. Rusiyanın daralmış ticarət imkanları, ciddi şəkildə hərbi istehsala yönəlmiş iqtisadiyyatı və hərbi maaşların, pensiyaların gələcək yükü bütün uzunmüddətli rifahı təhdid edir”.
Qəzet yazır ki, Putinin Trampın güzəştlərindən istifadə etməməsi sonu olmayan müharibə üçün zəmin yaradır: “Tarixçi Stiven Kotkinin qeyd etdiyi kimi, Rusiya tarixən ən çox qərb qonşuları ilə dərin iqtisadi əlaqələri olan zaman çiçəklənib. Ukraynanı bütünlükdə işğal etməyə cəhd etməmişdən əvvəl Rusiyanın Ukraynaya indiki ilə müqayisədə daha çox təsiri var idi. Əvəzində, gücdən istifadə etdiyi üçün Rusiyanın Avrasiyada, o cümlədən vaxtilə dominantlıq etdiyi bölgələrdə mövqeyi getdikcə zəifləyir".