Abşeron rayonun Xırdalan şəhərində yerləşən və 250 ailənin yaşadığı “Viləşçay-İnşaat” MTK-nın binalarında illərdir davam edən problemlər sakinlərin səbr kasasını daşırıb.
Bu barədə Den.az-a sözü gedən binanın sakinləri şikayət ediblər.
Sakinlər bildirirlər ki, rəsmi olaraq mənzillər onların şəxsi mülkiyyətidir, lakin MTK rəhbəri İntiqam Hüseynov öz bacısını onların üstünə “rəhbər” təyin edərək binaları qeyri-rəsmi şəkildə idarə edir və qanunsuz olaraq xidmət haqqı yığır. Üstəlik, bu xidmət haqqına uyğun heç bir real xidmətin göstərilmədiyi iddia olunur.
Sakinlər deyir ki, nə bina ətrafında təmizlik işləri aparılır, nə liftlərin normal işləməsi təmin olunur, nə də kommunal problemlərə vaxtında reaksiya verilir. Əvəzində isə hər ay “xidmət haqqı” adı altında vəsait toplanır və bu vəsaitin necə xərcləndiyi ilə bağlı heç bir şəffaflıq yoxdur. Vətəndaşlar MTK rəhbərliyinin fəaliyyətsizliyindən və məsuliyyətsiz münasibətindən ciddi narazıdır.
Ən maraqlısı isə odur ki, bina sahibi kimi tanınan İsrafil Hüseynov bütün bu narazılıqları “əsassız” adlandırır və sakinlərin şikayətlərinə əhəmiyyət vermir. Halbuki yüzlərlə insanın gündəlik sosial-məişət problemləri fonunda bu münasibət məsuliyyətdən yayınma kimi dəyərləndirilir.
Sakinlər səlahiyyətli qurumlardan məsələyə müdaxilə olunmasını, bina idarəçiliyində şəffaflıq və hüquqi əsasların təmin edilməsini tələb edirlər. Onların fikrincə, əgər mənzillər şəxsi mülkiyyətdirsə, bina sakinlərinin idarəetmədə söz haqqı və qərar vermək ixtiyarı da olmalıdır. Bu isə ya bina idarəsinin sakinlər tərəfindən seçilməsini, ya da fəaliyyət göstərən şəxslərin qanuni əsaslarla təyin olunmasını zəruri edir.
“Viləşçay-İnşaat” MTK ilə bağlı yaranan bu vəziyyət təkcə bir bina və ya bir MTK ilə məhdudlaşmır – bu, ölkənin müxtəlif bölgələrində tez-tez rast gəlinən, bina idarəetməsi sahəsindəki boşluqların və qeyri-şəffaf idarəetmənin nümunəsidir. Hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, vətəndaşların mülki hüquqlarının qorunmasına və bina idarəçiliyi sahəsində məsuliyyətli yanaşmanın formalaşdırılmasına ehtiyac açıq-aşkar görünür.
Sakinlər artıq səbir etməyə yox, səsini çatdırmağa qərarlıdır. Çünki onlar üçün “ev” təkcə dörd divar deyil – orada rahatlıq, təhlükəsizlik və haqqın qorunduğu bir yaşam gözləyirlər.