Sumqayıt dənizi səhər tezdən öz səssizliyini balıqçıların ümid dolu baxışları ilə bölüşür. Qayanın üstündə oturmuş, əlində qamış tutmuş bir kişi – bəlkə də günlərlə iş tapa bilməyən, bəlkə də sadəcə bu sükutu sevdiyi üçün buradadır. Dəniz kənarında balıqçılıq Sumqayıtda həm hobbi, həm də həyatın reallıqları ilə yoğrulmuş bir məşğuliyyətdir.
Bu sahildə hər kəsin balıq tutmaq səbəbi başqadır. Kimi səhər günəşinin altında sakitlik tapmaq, gündəlik stresdən uzaqlaşmaq üçün buradadır. Onlar üçün balıq tutmaq sadəcə bir istirahət vasitəsidir. Balıq tutmasalar da olar, əsas odur ki, dənizin səsi ilə baş-başa qalırlar. Amma bəziləri üçün isə bu, bir hobbi deyil – dolanışıq məsələsidir. Evində ocağı yanan, süfrəsinə balıq qoymaq istəyən insanlar üçün balıqçılıq bəzən yeganə çıxış yoludur.
Əlbəttə, hər şey göründüyü qədər asan deyil. Balıqçılığın da öz çətinlikləri var: dəyişkən hava şəraiti, sahildəki zibillər, suyun bulanıqlığı, balığın az olması və təbii ki, qaydalara riayət etməyən şəxslərlə qarşılaşmaq. Balıqçılar tez-tez şikayət edirlər ki, müəyyən şəxslər torlardan və qeyri-qanuni üsullardan istifadə edərək dənizdəki canlılığı tükəndirirlər. Bu isə həm ekosistemə, həm də gündəlik balıqla dolanan ailələrə ciddi zərər vurur. Hər bir balıqçının dənizlə bağlı bir hekayəsi var. Kimisi ilk dəfə atasının əlindən tutaraq sahilə gəldiyi günü xatırlayır. Kimisi isə bir dəfə tutduğu iri bir balığının həyəcanını danışır. Burada dostluqlar yaranır, səbir öyrənilir, təbiətlə barış olur.
Sumqayıtın sahillərində balıqçılıq – sadəcə bir ov deyil. Bu, insanların içindəki səssizliyi dənizlə paylaşması, bəzən bir çörək parçası üçün çəkdiyi zəhmət, bəzən də qürurla danışdığı bir uğurdur. Bütün çətinliklərə baxmayaraq, sahildə oturan o insanlar sabah yenə buradaca olacaq – ümidlə, səbrlə və dənizə inamla...