Vətən Müharibəsi şəhidlərindən biri – Tibb xidməti polkovnik-leytenant Rasim Abdullayevin ailəsinə sevindirici xəbər var.
Denmedia.az xəbər verir ki, Şəhidin oğlu Miryaqub Abdullazadənin ailəsində yeni körpə dünyaya gəlib. Avqustun 2-də doğulan oğlan övladına şəhid babasının adı verilib – Rasim.
Bu addım ailə üzvləri və yaxınları üçün dərin mənəvi əhəmiyyət daşıyır. Şəhidin adının nəvəsi vasitəsilə yaşadılması bir həm yaddaş, həm də qəhrəmanlıq rəmzidir.
Qeyd edək ki, Şəhid Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu olan Rasim Abdullayev Quru Qoşunların tibb xidməti polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. O, Füzuli, Cəbrayıl, Xocalı (Çanaqçı kəndi), Şuşa və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
O, 2020-ci il noyabrın 10-da – müharibənin bitməsinə bir gün qalmış, Xocalının Çanaqçı kəndində qəhrəmancasına şəhid olub və Bakıdakı II Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid Rasim Abdullayev “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları da daxil olmaqla, bir çox yüksək dövlət mükafatları ilə təltif edilib.
Bu gün Rasim Abdullayevin adı nəinki tarixə, həm də nəvəsinin kimliyinə yazılır. Onun ailəsi, xüsusən də oğlu Miryaqub Abdullazadə bu yolla atasının xatirəsini yaşadır və gələcək nəsillərə ötürür.
Qeyd edək ki, şəhid Rasim Abdullayev iki övlad atası idi.
Nizami Rəsulov
Denmedia.az