Avqustun 22-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 17-ci mikrorayon sakinləri ilə səyyar görüş keçirib.
Denmedia.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd vətəndaşların gündəlik qayğılarını birbaşa dinləmək, onların sosial, məişət və infrastrukturla bağlı müraciətlərinə operativ yanaşmaq olub.
Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, şəhərdə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri – kommunal təsərrüfat, məşğulluq, səhiyyə, təhsil və sosial müdafiə qurumlarının nümayəndələri də iştirak ediblər.
Sakinlərin qaldırdığı məsələlər diqqətlə dinlənilib, bir sıra problemlərin həlli üçün dərhal müvafiq qurumlara tapşırıqlar verilib. Vaxt tələb edən müraciətlər isə aidiyyəti strukturların icraatına yönəldilib və icra prosesinin nəzarətdə saxlanacağı vurğulanıb.
İcra başçısı görüşdə çıxış edərək bildirib ki, vətəndaşların hər bir müraciəti diqqət mərkəzindədir və onların həlli üçün bütün imkanlardan istifadə olunacaq.
Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin mütəmadi təşkil etdiyi səyyar qəbul-görüşlər sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsinə, onların gündəlik həyatında üzləşdikləri problemlərin operativ həllinə xidmət edir.
Ellada Rəsul
Denmedia.az