Yayın ilk günü sevincli bir hadisə ilə əlamətdardır: dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Uşaqlar Günü qeyd olunur.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ən qədim beynəlxalq bayramlardan biridir. Bu gün bütün dünyada 1950-ci ildən qeyd edilir. Bayramın keçirilməsi ilə bağlı qərar 1949-cu ilin noyabrında Beynəlxalq Demokratik Qadınlar Federasiyasının xüsusi sessiyasında qəbul olunub. BMT bu təşəbbüsü dəstəkləyərək uşaqların hüquqlarının, həyatının və sağlamlığının qorunmasını fəaliyyətinin əsas prioritetlərindən biri elan edib.
Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Bu ənənələr bu gün də uğurla davam etdirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamına əsasən, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub. Bu, dövlətimizin uşaqlara göstərdiyi sonsuz qayğının bariz nümunəsidir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli inkişaf etmiş və Vətəninə layiqli övladlar kimi böyüməsi üçün bütün şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin sabahı onların əlindədir.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan inkişafını, onların rifahının yüksəldilməsini dövlət siyasətinin əsas vəzifələrindən biri kimi qiymətləndirib. Bu gün Heydər Əliyev Fondu da bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara daim diqqət göstərir. Bütün bunlar ölkəmizdə gənc nəslə münasibətdə düşünülmüş və ardıcıl siyasətin həyata keçirildiyini göstərir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk növbədə böyüklərə bir xatırlatmadır: uşaqların yaşamaq hüququ, fikir və din azadlığı, təhsil, istirahət və asudə vaxt, fiziki və psixoloji zorakılıqdan müdafiə, eləcə də uşaq əməyinin istismarından qorunma hüquqları təmin edilməlidir. Çünki bütün bunlar humanist və ədalətli cəmiyyətin formalaşması üçün vacib şərtlərdir.

