Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan–NATO tərəfdaşlığı çərçivəsində mövcud gündəlik və əməkdaşlıq perspektivləri, tərəfdaşlıq mexanizmləri üzrə görülmüş işlər, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə NATO arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, mövcud tərəfdaşlıq formatlarında aparılan dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət töhfə verdiyini qeyd ediblər. Minalardan təmizləmə, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Azərbaycanın NATO-nun sülhməramlı əməliyyat və missiyalarında iştirakı, Əfqanıstan proseslərinə verdiyi hərtərəfli dəstək, müdafiə sahəsində aparılan islahatlar və uyğunluğun təmin edilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin, ötən ilin noyabrında NATO-ya üzv ölkələrin daimi nümayəndələrindən ibarət missiyanın Azərbaycana səfəri məmnunluqla xatırladılıb.
Görüşdə, həmçinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi, etimadın möhkəmləndirilməsi üçün görülən diplomatik səylər, 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalar, sülh prosesinin perspektivləri, eləcə də regional nəqliyyat və kommunikasiya layihələri barədə məlumat verilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

