Ölkənin müxtəlif bölgələrində insanlar bir damla içməli suya həsrət qaldığı halda, Bakının bəzi küçələrində həyat mənbəyi olan suyun saatlarla küçələrə axması bir qurumun məsuliyyətin itirilməsinin göstəricisidir.
Denmedia.az xəbər verir ki, video Bakı Avtovağzal ətrafında çəkilib və vətəndaş içməli suyun necə israf olunduğunu göstərir.
Qeyd edək ki, rəhbərlik kreslosu məsuliyyət yüküdür. Əgər həmin yük daşınmırsa, vəzifə sadəcə ad olaraq qalır. Suyun hər damlası insan həyatı deməkdir. O damlalar küçələrdə itib-batırsa, bu, təkcə su itkisi yox, etimadın da artıq itirilməsidir.
ADSEA-nın rəhbəri Zaur Mikayılovun və onun qudası aparat rəhbəri Fuad Quliyevin üzərinə düşən əsas vəzifə problemləri vaxtında görmək və operativ həll etməkdir. Əgər qəza-bərpa xidməti baş verən hadisədən xəbərsiz qalırsa və ya vaxtında müdaxilə etmirsə, bu, idarəetmə mexanizminin ciddi suallar doğurduğunu göstərir.
Dövlətə xidmət vəzifə tutmaqla deyil, vətəndaşın problemini vaxtında həll etməklə ölçülür. İdarəçilik kabinetdən yox, nəticədən görünür. Küçəyə axan su, əslində, məsuliyyət hissinin də axıb getdiyini göstərən acı mənzərədir. Tarix sübut edib ki, laqeydlik heç vaxt inkişaf yaratmayıb. Hər boşa axan damla su gələcək nəsillərin haqqından oğurlanan sərvətdir. Dövlət əmlakını qorumaq hər bir rəhbərin borcudur. Bu borcun yerinə yetirilməməsi isə tənqidə səbəb olur və ictimai narahatlığı artırır.
QEYD: "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dövlət orqanlarında maraqların toqquşmasının qarşısının alınması və qohumluq münasibətlərinin xidməti fəaliyyətə təsir etməməsi ilə bağlı müddəalar nəzərdə tutulur. Bu baxımdan, iddiaların hüquqi qiymətləndirilməsi aidiyyəti qurumların səlahiyyətinə daxildir.

