The Washington Post-un məlumatına görə, uşağın dünyaya gəlməsi yalnız kişinin həyat tərzini və prioritetlərini deyil, beyninin quruluşunu və fəaliyyətini də dəyişə bilər. Araşdırmalar bu prosesi şərti olaraq “ata beyni” adlandırır.
İlk dəfə ata olan kişilər üzərində aparılan MRT tədqiqatlarında beynin bəzi sahələrində, xüsusilə başqa insanların duyğu və niyyətlərini anlamağa kömək edən şəbəkədə boz maddənin həcminin azaldığı müəyyən edilib. Alimlər bunun qabiliyyət itkisi deyil, beynin yeni qayğı və məsuliyyətlərə uyğunlaşaraq yenidən təşkil olunması ola biləcəyini bildirirlər.

Dəyişikliklərin səviyyəsi atanın uşağa nə qədər vaxt ayırması ilə də əlaqəli olub. Körpəsinə daha çox qulluq edən və onunla daha güclü emosional bağ quran atalarda beyin dəyişiklikləri daha nəzərəçarpan olub.
Atalıq empatiya, emosiyalar, motivasiya və mükafat hissi ilə bağlı beyin sahələrinin fəaliyyətinə də təsir göstərə bilər. Eyni zamanda, kişilərdə testosteron, oksitosin, prolaktin və vazopressin kimi hormonlarda dəyişikliklər müşahidə olunur. Lakin alimlər hormonal təsirlərin bütün kişilərdə eyni olmadığını və səbəb-nəticə əlaqəsinin hələ tam sübut edilmədiyini vurğulayırlar.

Minlərlə insanın beyin göstəricilərinin təhlili valideynliyin uzunmüddətli perspektivdə yaşla zəifləyən bəzi beyin əlaqələrinin daha yaxşı qorunması ilə bağlı ola biləcəyini göstərib. Bununla belə, nəticələr valideynliyin beyni birbaşa “cavanlaşdırdığını” sübut etmir.
Alimlərin fikrincə, “ata beyni” bütün kişilərdə eyni şəkildə formalaşmır. Əsas rol kişinin uşağın gündəlik qayğısında nə dərəcədə fəal iştirak etməsidir.

