Kəndlər susuzluqdan əziyyət çəkir, milyonluq tenderlər isə davam edir...
Azərbaycanın bir çox kəndində sakinlərin ən böyük problemi bu gün də içməli sudur. Bir tərəfdən insanlar yay istisində bir damcı suya həsrət qalır, digər tərəfdən isə küçələrin kənarında qəzalı vəziyyətdə olan su kranlarından günlərlə su axaraq israf edilir. Bu mənzərə təkcə təsərrüfatsızlığın deyil, həm də məsuliyyətsiz idarəçiliyin göstəricisidir.
Belə bir vaxtda adı uzun illər müxtəlif tender qalmaqallarında hallanan Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevlə bağlı yeni iddialar diqqət çəkir.
İddiaya görə, Regional Su Meliorasiya Xidməti Qarasu "S" LR-100 nov kanalının (PK0+00–PK09+00, L=0,9 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri işləri üçün "AZTİKİNTİSERVİS" MMC ilə 204 298 manat dəyərində müqavilə bağlayıb.
Əldə olunan məlumata əsasən, tender qalibi olan şirkətin dövlət büdcəsinə 17 588,68 manat vergi borcu var. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Paşa Papaqçıyev Yusif oğludur.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına yol verilmir.
Xatırladaq ki, Regional Su Meliorasiya Xidməti iyul ayında da həmin "AZTİKİNTİSERVİS" MMC ilə 2 tender müqaviləsi imzalayıb. Həmin vaxt şirkətin dövlət büdcəsinə olan borcu 82 970,62 manat təşkil edirdi.
Bütün bunların fonunda isə cavab gözləyən əsas sual başqadır: Milyonlarla manatlıq layihələrə vəsait tapıldığı halda, niyə kəndlərdə sınıq su kranlarının təmirinə, su itkisinin qarşısının alınmasına və insanların içməli su təminatına lazımi diqqət göstərilmir?
Bu gün kəndlərdə minlərlə kubmetr içməli su qəzalı kranlardan torpağa axır. İnsanlar isə su növbəsi gözləyir, su maşınlarına pul ödəyir və elementar tələbatını ödəməkdə çətinlik çəkir. Əgər bu itkilərin qarşısı vaxtında alınsa, həm dövlət vəsaiti qorunar, həm də yüzlərlə ailənin su problemi qismən həll olunar.
Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə və quda münasibətlərinə əsaslanan idarəçilik modeli ilə bağlı iddialar səsləndirilib. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adları bu iddialarda hallanıb.
Bütün bu məsələlər fonunda cəmiyyət bir sualın cavabını gözləyir: Prioritet böyük məbləğli tenderlərdir, yoxsa kənd sakinlərinin ən elementar hüququ olan içməli su təminatı? Bu suala cavab vermək isə aidiyyəti qurumların və məsul şəxslərin üzərinə düşür.
ARDI VAR...
Nizami Rəsulov
Denmedia.az