Uruqvayda Argentinanın “Tiqre” futbol klubunun azarkeşlərini daşıyan avtobus silahlı hücuma məruz qalıb.
Hadisə “Tiqre”nin Cənubi Amerika Kubokunda Uruqvayın “Nasyonal” klubuna səfərdə 3:0 hesabı ilə qalib gəlməsindən sonra baş verib. Avtobus Montevideodan Koloniya şəhərinə gedərkən 1 nömrəli avtomobil yolunda atəşə tutulub.
Hücum nəticəsində 57 yaşlı azarkeş hər iki qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Matçdan sonra “Tiqre” futbolçuları “Malvin adaları Argentinaya məxsusdur” yazılmış banner nümayiş etdiriblər. Oxşar banner Argentina millisinin İngiltərə üzərində dünya çempionatındakı qələbəsindən sonra da göstərilmişdi.
Bannerlə avtobusa hücum arasında birbaşa əlaqə olduğu rəsmi şəkildə təsdiqlənməyib.

