Külli miqdarda dələduzluqda ittiham olunan prokuror general Natiq Əliyevin qızı Türkər Əliyeva barəsində verilən ev dustaqlığı qərarına etiraz edilib.
Denmedia.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, prokuror məhkəmənin qərarından protest verərək Türkər Əliyevanın həbsini tələb edib.
Protestdə onun istintaqdan yayınması və proses iştirakçılarına təsir göstərməsi ehtimalları əsas gətirilib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, iş üzrə şikayətçi ANAMA-nın İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevdir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə ondan külli miqdarda pul alıb.
Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi onun həbs edilməsi barədə təqdimatı təmin etməyib. Qərar verilərkən Türkər Əliyevanın təkbaşına böyütdüyü dörd övladının olması, onlardan üçünün azyaşlı olması və dəymiş ziyanın bir hissəsinin ödənilməsi nəzərə alınıb.

