Qastroenteroloq Yevgeni Belousov sağlamlıq üçün ən zərərli hesab etdiyi üç qida kateqoriyasını sadalayıb.
Akademik Roytberq adına“Mediçina” klinikasının mütəxəssisi bu barədə “Lenta.ru”ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, ilk növbədə şəkərli qazlı içkilərdən imtina etmək tövsiyə olunur. Bu içkilər toxluq hissi yaratmadan orqanizmə böyük miqdarda şəkər daxil olmasına səbəb olur. Onların müntəzəm istifadəsi gündəlik kalori qəbulunu artıraraq çəki artımına gətirib çıxara bilər.
İkinci kateqoriyaya kolbasa, sosiska və bekon kimi emal olunmuş ət məhsulları daxildir. Belousov bildirib ki, bu məhsulların müntəzəm istehlakı bir sıra xəstəliklərin inkişaf riskinin artması ilə əlaqələndirilir. Bunun əsas səbəblərindən biri onların tərkibində duz və doymuş yağların çox olmasıdır.

Mütəxəssis çips, müxtəlif qəlyanaltılar və digər yüksək dərəcədə emal olunmuş məhsulların istehlakını da məhdudlaşdırmağı məsləhət görüb.
“Belə məhsullar adətən yüksək kalorili olur, tərkibində çoxlu duz və yağ olur. Az miqdarda və cəlbedici dada malik olduqları üçün insanlar fərqinə varmadan planlaşdırdıqlarından daha çox yeyirlər. Onların müntəzəm istehlakı tərəvəz, tam taxıllı məhsullar, paxlalılar və digər lif mənbələrinin qida rasionundakı yerini azalda bilər”, – deyə həkim bildirib.

