Yumurtanın düzgün bişirilməməsi salmonellyoza yoluxma riskini artıra bilər. Onun bəzi məhsullarla birlikdə müntəzəm qızardılması isə sağlamlıq üçün əlavə risklər yarada bilər.
Bu barədə NEWS.ru-ya açıqlamasında Dövlət Maarifləndirmə Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov bildirib.
Mütəxəssisin sözlərinə görə, yumurta orqanizm üçün faydalı mikroelementlərlə zəngindir. Lakin tərkibindəki yağlar və xolesterin səbəbindən onun istehlakına diqqət yetirilməlidir.

“Yumurtanın kifayət qədər bişirilməməsi, xüsusilə sarısı duru qaldıqda, salmonellyoza yoluxma riski yarada bilər. Qızartma zamanı ucuz bitki yağlarından istifadə edilməsi, həmçinin bekon və kolbasa əlavə olunması isə onkoloji xəstəliklərin inkişaf riskini artıra bilər”, – deyə həkim xəbərdarlıq edib.
Umnovun sözlərinə görə, yumurtanın tərkibindəki xolesterin yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün də mənfi təsir göstərə bilər.
O, həmçinin iddia edib ki, qayğanaq və omletin müntəzəm istehlakı aterosklerozun inkişafını sürətləndirərək damarların daralmasına və qan dövranının zəifləməsinə səbəb ola bilər.

