Çexiyanın paytaxtı Praqada son 37 ilin ən böyük etiraz aksiyalarından biri keçirilib. Yüz minlərlə insan ictimai televiziya və radionun müstəqilliyini qorumaq tələbi ilə küçələrə çıxıb.
Aksiyanın təşkilatçısı Mikulaş Minarjın sözlərinə görə, nümayişə 350–450 min nəfər qatılıb. Bu, ölkədə 1989-cu ildən bəri keçirilən ən böyük etirazlardan biri hesab olunur.
Etirazçılar hökumətin Çexiya Televiziyası və Çexiya Radiosunun maliyyələşdirilməsi sistemini dəyişmək planına qarşı çıxıblar. Qanun layihəsi əhalidən toplanan abunə haqlarının ləğvini və ictimai medianın birbaşa dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərdə tutur.
Nümayişçilər bu dəyişikliyin medianı hökumətdən asılı vəziyyətə sala biləcəyindən narahatdırlar. Onlar qanun layihəsinin geri götürülməsini, həmçinin SPD partiyasının lideri Tomio Okamuranın parlamentin aşağı palatasının sədri vəzifəsindən istefasını tələb ediblər.
Hakim koalisiya aksiyanı müxalifətin təşkil etdiyi siyasi tədbir kimi qiymətləndirib.
Baş nazir Andrey Babiş isə medianın dövlət nəzarətinə keçirilməsinin planlaşdırılmadığını bildirib və siyasi rəqiblərini gərginliyi artırmamağa çağırıb.

