Meksikanın ən məşhur narkobaronlarından biri, “Bossların bossu” ləqəbli Migel Anxel Feliks Qalyardo 80 yaşında vəfat edib.
BBC-nin məlumatına görə, Qalyardo noyabrın 15-də Qvadalaxara şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Pablo Eskobarın rəhbərlik etdiyi Medellin karteli ilə əməkdaşlığı sayəsində narkotik ticarətinin ən nüfuzlu simalarından birinə çevrilən Qalyardo 1980-ci illərdə Meksikanın Qvadalaxara kartelinə rəhbərlik edib.

Onun təşkilatı Kolumbiyadan ABŞ-yə böyük həcmdə kokain daşınmasında mühüm rol oynayıb. Kartel ən güclü dövründə Meksikanın siyasi dairələrinə və hüquq-mühafizə orqanlarına ciddi təsir göstərib.
Qalyardonun süqutu 1985-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enrike “Kiki” Kamarenanın öldürülməsindən sonra başlayıb. O, 1989-cu ildə saxlanılıb və uzunmüddətli həbs cəzalarına məhkum edilib.
Məşhur narkobaron həmçinin “El Çapo” ləqəbli Xoakin Qusmanın yüksəlişində mühüm rol oynayıb. Qalyardonun həbsindən sonra parçalanan təşkilatın yerində sonradan Sinaloa karteli formalaşıb.

