General-mayor Natiq Əliyevin qızı, mediator Türkər Əliyeva saxlanılıb.
Denmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkər Əliyeva xüsusilə külli miqdarda dələduzluq və nüfuz alverində şübhəli bilinir.
İddialara əsasən, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir vətəndaşdan külli miqdarda pul alıb.
Şikayətçinin müraciəti əsasında Türkər Əliyeva prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanılıb. O, ötən gecədən istintaq nəzarətindədir.
Hələlik onun barəsində məhkəmə qərarı qəbul edilməyib. Türkər Əliyeva təqsirləndirilən şəxs qismində cəlb olunarsa, gün ərzində hakim qarşısına çıxarılacağı gözlənilir.
Məlumata görə, onun şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi xüsusilə külli miqdarda dələduzluğa aiddir. Bu maddə 500 min manatdan artıq ziyanın vurulmasını nəzərdə tutur və 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edir.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun, daha sonra isə nazirliyin Tibb xidmətinin rəisi vəzifəsində çalışmış general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevanın adı daha əvvəl də qalmaqallarda hallanıb. Bir müddət əvvəl o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi və əməkdaşlarından birinin ona qarşı qanunsuz hərəkətlərə və təhqirlərə yol verdiyini iddia etmişdi.
Sonradan həmin idarənin rəisi vəzifəsindən azad edilib.

