Türkiyə kinosunun əfsanəvi simalarından Kadir İnanırın ölümündən sonra mirası ətrafında yaranan mübahisələr davam edir. Aktyorun bank hesablarında 60 milyon türk lirəsi olduğu üzə çıxıb.
“Hürriyet” qəzetinin məlumatına görə, 2026-cı il iyunun 26-da vəfat edən sənətçinin bank hesablarında ümumilikdə 60 milyon lirə nağd vəsait olduğu, bundan başqa pul yığımının isə mövcud olmadığı iddia edilir.
İnanırın uzun illər səhhətindəki problemlərə görə müalicəsinə böyük məbləğdə pul xərclədiyi bildirilir. Aktyorun Türkiyədəki özəl xəstəxanalarla yanaşı, Kubada da müalicə aldığı qeyd olunur.
Sənətçinin müalicə xərclərini qarşılamaq üçün Dalamandakı bağ evini və İstanbulun Ulus səmtindəki mənzilini satdığı iddia edilir. Onun son illərdə yaşadığı Beykozdakı evin isə mərhum iş adamı İsmet Acar tərəfindən hədiyyə edildiyi bildirilir.
Miras mübahisələrində aktyorun qiymətli saat, alışqan və təsbeh kolleksiyalarının yoxa çıxması da gündəmə gəlib. İddiaya görə, qardaşı oğlu Levent İnanır polis əməkdaşlarının müşayiəti ilə evdəki əşyaların siyahıya alınmasında iştirak edib. Lakin qiymətli kolleksiyalar seyfdə tapılmayıb.
Kadir İnanır 2022-ci il mayın 9-da notariusda tərtib etdirdiyi vəsiyyətnamə ilə bütün əmlakını uzun illər birlikdə yaşadığı Jülide Kurala vəsiyyət edib. Buraya daşınmaz əmlak, bank hesabları, avtomobillər, şəxsi əşyalar və müəllif hüquqları daxildir.

Jülide Kural isə aktyorun böyük sərvət sahibi olması ilə bağlı iddiaları daha əvvəl təkzib edərək mirasın yaşadıqları evdən, üç köhnə avtomobildən və bankdakı müəyyən məbləğdən ibarət olduğunu bildirib.
Aktyorun vəsiyyətnaməsinin dekabrın 17-də Beykoz Ədliyyəsində keçiriləcək məhkəmə iclasında açılması gözlənilir. İclas bəzi varislərə bildiriş çatdırılmadığı üçün həmin tarixə təxirə salınıb.
Vəsiyyətnamə ilə razılaşmayan varislərin qanuni yollara müraciət edə biləcəyi bildirilir.

