2002-2018-ci illərdə Türkiyənin əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı olmuş, 2018-ci ildə prezidentliyə namizədliyi irəli sürülmüş Muharrem İnce keçmiş partiyasına qayıdıb.
“Den.az” Türkiyə mediasına istinadən xəbər verir ki, M.İnce CHP-nin bu gün keçirilən iclasında sürpriz şəkildə kürsüyə dəvət edilib.
Bu zaman İncenin 4 ildən sonra keçmiş partiyasının sıralarına geri döndüyü elan edilib. M.İnce kürsüyə çıxaraq ölkəsinin bütün demokratlarını CHP-nin ətrafında birləşməyə çağırıb.
Qeyd edək ki, bir neçə gün əvvəl CHP lideri Özgür Özel “Məmləkət” partiyasının qurucu lideri Muharrem İnce ilə görüşmüş və onu geri qayıtmağa dəvət etmişdi.
Xatırladaq ki, Muharrem İnce 2018-ci ildə Türkiyədə prezident seçkilərində CHP-nin namizədi olmuş və 30,67 faiz səs toplayaraq Rəcəb Tayyib Ərdoğana uduzmuşdu. Həmin seçkidən sonra onunla partiya rəhbərliyi arasında fikir ayrılığı yaranmış və 2021-ci ildə Muharrem İnce partiyasından istefa verərək “Məmləkət” partiyasını qurmuşdu. Lakin yeni partiya cəmiyyətdə özünə sosial baza formalaşdıra bilməyib, rəy sorğularına görə 1 faizdən də aşağı həddə qalıb.