Ukrayna Prezidenti Vladimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç (Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib) həyat yoldaşı Anastasiya Arestoviçlə təxminən 10 illik evlilikdən sonra ayrılıb.
“DenMedia.az” xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, boşanma təşəbbüsü Anastasiya tərəfindən qaldırılıb. Cütlüyün bir övladı var. Anastasiya məhkəməyə təqdim etdiyi ərizədə münasibətləri “formal” adlandırıb və bildirib ki, “tərəflərin ailə həyatı və birgə yaşayışla bağlı baxışları fərqlidir, onlar artıq birgə yaşamırlar”.
O, barışığın və nikahın saxlanılmasının mümkün olmadığını qeyd edib. Arestoviç boşanmaya etiraz etməyib, nəticədə məhkəmə 2015-ci il 15 dekabrda qeydə alınmış nikahı rəsmən ləğv edib.
Arestoviç 2020-ci ildən 2023-cü ilin yanvarına qədər Ukrayna Prezident Ofisində müşavir vəzifəsini icra edib. O, Dnepr faciəsi zamanı Ukrayna HHM-in fəaliyyətini tənqid edən açıqlamasından sonra istefa verib. Sonrakı dövrdə isə Arestoviç Ukrayna rəhbərliyini dəfələrlə sərt tənqid edib.