İsveç hakimiyyəti Tanzaniya, Mozambik, Zimbabve, Liberiya və Boliviyaya göstərilən yardımı dayandıraraq, bu vəsaitləri Ukraynanın dəstəyinə yönəltmək qərarı verib. Bunu İsveçin xarici ticarət və beynəlxalq inkişaf əməkdaşlığı naziri Benyamin Dusa keçirdiyi mətbuat konfransında açıqlayıb.
Nazir bildirib:
“Biz görürük ki, gələn il Ukraynanı çoxsaylı sınaqlar gözləyir. Müharibənin əvvəlindən bəri ən sərt qış onları qarşılayır. Bu, Avropa tarixi üçün həlledici məqamdır.”
Stokholmun planına əsasən, göstərilən beş ölkə 2026-cı ildə 700 milyon İsveç kronu (təxminən 74,4 milyon dollar), 2027-ci ildə isə 900 milyon kron (təxminən 95,6 milyon dollar) almalı idi. Onlara ayrılan maliyyə yardımı 2026-cı il avqustun 31-dən sonra tam dayandırılacaq.
İsveç hökumətinin hesablamalarına görə, bu vəsaitlərin yenidən bölüşdürülməsi nəticəsində ölkənin Ukraynaya göstərəcəyi əlavə qeyri-hərbi dəstəyin həcmi 2 milyard krona (təxminən 212,5 milyon dollar) çatacaq.

