ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın Bloomberg-ə açıqlamasına görə, Türkiyə rus istehsalı S-400 zenit-raket komplekslərindən imtina edib ABŞ-ın beşinci nəsil F-35 qırıcılarına keçməyə çox yaxındır. Səfir bildirib ki, bu sistemlərin alınması Ankaranın NATO üzrə tərəfdaşları ilə münasibətlərində ciddi gərginlik yaradıb.
Materialda qeyd olunur:
“Türkiyə digər NATO ölkələri ilə münasibətlərdə gərginliyə səbəb olan və ABŞ-ın F-35 qırıcılarını əldə etməsinə mane olan Rusiya istehsalı raketdən müdafiə sisteminin demontajına yaxınlaşıb.”
Səfirin sözlərinə görə, Türkiyə S-400 kompleksindən tam istifadə etmir, lakin onun raketlərinə, radiolokasiya sistemlərinə və digər avadanlıqlarına sahibdir. O hesab edir ki, ölkə yaxın altı ay ərzində rus sistemlərindən tamamilə imtina edəcək.

