Nobel mükafatı laureatı, dünya şöhrətli musiqiçi Bob Dilan Vatikanda Roma Papası XIV Leo ilə xüsusi görüş keçirib. Qara rəngli, başlıqlı geyimi ilə diqqət çəkən sənətçinin səfəri görüşün məzmunundan daha çox qeyri-adi geyim seçimi ilə gündəmə gəlib.
Noyabrın 4-də Vatikandakı Apostol Sarayında baş tutan görüşün fotoları yayımlanıb. Sənətçi Papanın qarşısına qara gödəkçə, əlcək və başına keçirdiyi başlıqla çıxıb. Bob Dilan özünəməxsus geyim tərzini Vatikanda da dəyişməyib.
Papa XIV Leonun ənənəvi ağ geyimdə iştirak etdiyi görüşdə musiqiçinin başlığını çıxarmaması diqqətdən yayınmayıb. Görüş boyunca başlığını başında saxlayan Dilanın bu seçimi beynəlxalq mətbuatda da geniş müzakirə olunub.
Papa Leo isə sənətçinin geyiminə zarafatla münasibət bildirib:
“Kostyumunu geyindiyin üçün təşəkkür edirəm, Bob!”
Şəxsi həyatını ictimaiyyətin diqqətindən uzaq tutmağa üstünlük verən Dilanın bu görünüşü pərəstişkarları arasında da müzakirələrə səbəb olub. Lakin sənətçinin Papa ilə görüşə niyə məhz belə geyimdə qatıldığına dair heç bir açıqlama verilməyib.
Məlumata görə, görüş qısa çəkib və tərəflər bir-birini salamlayaraq söhbət ediblər. Papa XIV Leo musiqiçiyə təsbeh hədiyyə edib, Bob Dilan isə ona “Chronicles: Volume One” adlı avtobioqrafik kitabını bağışlayıb.
Görüşdə onun təşkilinə kömək edən yezuit keşişi Antonio Spadaro da iştirak edib.

Papa XIV Leonun Bob Dilanın yaradıcılığına marağı daha əvvəl də gündəmə gəlib. Papa 2026-cı ilin iyulunda nəşr olunan, silahsızlanma və sülh mövzusuna həsr edilmiş kitabın ön sözündə Dilanın 1963-cü ildə yazdığı, lakin rəsmi olaraq lentə alınmayan “Go Away You Bomb” (“Uzaqlaş, ey bomba”) adlı müharibə əleyhinə əsərinə istinad edib.
Musiqiçinin etiraz ruhlu mahnısından gətirilən sitat Papanın sülhə və silahsızlanmaya çağırışının bir hissəsi kimi diqqət çəkib.
Bob Dilan 1997-ci ildə də Bolonyada Papa II İohann Pavelin iştirak etdiyi Milli Yevxaristiya Konqresində səhnəyə çıxıb.

