Bakıda Humanitar Kollecin tələbələri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələndi. Hadisə zamanı tələbələrdən biri bıçaq xəsarətləri aldı. Hücumda şübhəli bilinən 17 yaşlı yeniyetmə polis tərəfindən saxlanıldı.
Denmedia.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 2-də kollecin “Gənclik” metro stansiyası yaxınlığında yerləşən korpusunda baş verdi.
İki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə altı bıçaq zərbəsi endirdi.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hücumda şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirildi və o, saxlanıldı.
Humanitar Kollecdən “Azərbaycan müəllimi” nəşrinə bildirildi ki, hadisə dərsdənkənar vaxtda baş verib.
“Xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib. Hazırda onun səhhəti qənaətbəxşdir”, – deyə təhsil müəssisəsindən bildirildi.
Kollecdən həmçinin qeyd edildi ki, hadisənin başvermə şəraiti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Təhsil müəssisəsi ictimaiyyəti araşdırmanın rəsmi nəticələrini gözləməyə və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırdı.

