Bakının “Neftçi” basketbol klubu FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirərək ardıcıl beşinci məğlubiyyətini aldı.
H qrupunun beşinci turunda Kostas Vasiliadisin rəhbərlik etdiyi komanda Bolqarıstanın Plovdiv şəhərini təmsil edən “Lokomotiv”lə səfərdə qarşılaşdı və 72:76 hesabı ilə məğlub oldu.
“Sila” idman kompleksində keçirilən görüş gərgin mübarizə şəraitində keçdi. Azərbaycan təmsilçisi ilk hissəni 19:13 hesablı üstünlüklə başa vursa da, böyük fasiləyə qədər meydan sahibləri hesabda önə keçdilər – 36:30.
Üçüncü on dəqiqəlik hissədə “Neftçi” oyunun gedişini dəyişərək yenidən üstünlüyü ələ aldı – 53:50. Lakin sonuncu hissədə Bolqarıstan klubu 26:19 hesabı ilə üstün olaraq yekun qələbəni qazandı.

