“TikTok” sosial şəbəkəsində canlı yayım zamanı nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.
24 yaşlı Faiq Babayev (şərti ad) kafedə olarkən özünə məxsus “TikTok” hesabından canlı yayım açıb. Yayım zamanı nalayiq ifadələr işlədərək ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.
Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Həmin maddə internetdə və informasiya-telekommunikasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin, o cümlədən nalayiq ifadələrin işlədilməsinin, bu məzmunlu jestlərin edilməsinin və insan bədəninin ayrı-ayrı hissələrinin əxlaq normalarına, milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirilməsinin məsuliyyətini nəzərdə tutur.
F. Babayev ifadəsində bildirib ki, canlı yayım zamanı bir nəfər onun ailəsini təhqir edib. O da buna cavab olaraq nalayiq ifadələr işlədib.
Əməlindən peşman olduğunu deyən gənc məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə F. Babayev 500 manat məbləğində inzibati qaydada cərimələnib.

