Piroqov Universitetinin Klinik Tibb İnstitutunun 2 saylı daxili xəstəliklərin propedevtikası kafedrasının dosenti, tibb elmləri namizədi Elvira Xaçirova ürək sağlamlığı üçün ən zərərli hesab etdiyi vərdişi açıqladı.
Mütəxəssis bu barədə “Lenta.ru” nəşrinə müsahibəsində danışdı.
“Ürək üçün ən zərərli vərdiş hərəkətsizlikdir. Bununla belə, ürək xəstəliklərinin qarşısını bir çox hallarda almaq mümkündür. Ürək-damar sistemini qorumaq üçün kəskin dəyişikliklərə və ya insanı taqətdən salan marafon qaçışlarına ehtiyac yoxdur”, – deyə mütəxəssis bildirdi.
Xaçirova adi piyada gəzintisini ürək üçün həm sadə, həm də son dərəcə faydalı fiziki fəaliyyət növü adlandırdı.

Onun sözlərinə görə, hər gün orta sürətlə 30–40 dəqiqə piyada gəzmək arterial təzyiqi aşağı salır, qan damarlarının elastikliyini artırır və bədən çəkisini nəzarətdə saxlamağa kömək edir.
Həkim vurğuladı ki, piyada gəzinti faydaları kifayət qədər qiymətləndirilməyən, eyni zamanda hər kəs üçün ən əlçatan olan ürək-damar məşqlərindən biridir.
Mütəxəssis lift əvəzinə pilləkənlərdən istifadə etməyi də ürək sağlamlığı üçün faydalı fiziki fəaliyyətlər sırasına aid etdi.

