Azərbaycanda 2027-ci ildə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 600 mənzilin alınması planlaşdırılır.
Bu barədə noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib.
Nazirin sözlərinə görə, bu məqsədlə gələn ilin dövlət büdcəsində 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
İclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında”, həmçinin 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri birinci oxunuşda müzakirə olunur.
Anar Əliyev bildirib ki, imtiyazlı kateqoriyadan olan vətəndaşların mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təminatı proqramı 2027-ci ildə də davam etdiriləcək.
Bununla yanaşı, müvafiq tibbi göstərişləri olan, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin avtomobillərlə, eləcə də əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması üçün 30 milyon manatdan çox vəsaitin ayrılması planlaşdırılır.

