Noyabrın 5-də Bakının “Gülüstan” sarayında BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit işə başlayıb.
Denmedia.az xəbər verir ki, Prezident İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev səsləndirib.
Sammit çərçivəsində dövlət idarəçiliyində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş formada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi istiqamətində Azərbaycanda həyata keçirilən islahatların müzakirəsi nəzərdə tutulub.
Həmçinin bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə 100-dən çox ölkənin nazirləri və yüksəkvəzifəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin nümayəndələri iştirak edirlər.

